Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib
İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.
O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir.
Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər.
Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik.
İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb.
Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib.
Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir.
Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib.
Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib.
AzMİU-nun yaradılmasının 50-ci ilində təntənəli Məzun Günü — 2400-dən çox gənc yeni mərhələyə qədəm qoydu

AzMİU-nun yaradılmasının 50-ci ilində təntənəli Məzun Günü — 2400-dən çox gənc yeni mərhələyə qədəm qoydu
Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vurmuş tələbələrin “Məzun Günü” münasibətilə möhtəşəm və yaddaqalan mərasim təşkil olunub. Universitetin 50 illik yubileyinə təsadüf edən bu önəmli tədbir 2025-ci il iyulun 1-də Bakı Kristal Zalında baş tutub. Tədbirə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıb.
Tədbir AzMİU-nun Məzunlar Assosiasiyası, “Kristal Abşeron” və “Coca-Cola” şirkətlərinin dəstəyi ilə yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Zövqlü şəkildə hazırlanmış səhnə dekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsr olunmuş vizual materiallar tədbirin təntənəli ovqatını tamamlayıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Bu anlar gənclərin vətənə bağlılıq duyğularını daha da gücləndirib, onların yeni mərhələyə milli məsuliyyət hissi ilə qədəm qoyduqlarını simvolizə edib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək məzunları ürəkdən təbrik edib, onların valideynlərini və müəllimlərini təhsil prosesindəki səylərinə görə xüsusi təşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışaraq bu gün universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Məzunlar sırasında 51 nəfər əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.
Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631 nəfər tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 499 nəfər məzunu isə bu gün ali və orta ixtisas təhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurla reallaşdığını təsdiqləyir.
Rektorun çıxışından sonra elm və təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nəriman Topçibaşev çıxış edərək məzunlara öz təbriklərini çatdırıblar, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarının ölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğu vurğulanıb.
Mərasimdə iştirak edən digər fəxri qonaqlar – Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, millət vəkili Aydın Mirzəzadə, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər.
Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, tədbirdə iştirak edən rəsmi şəxslər məzunlara fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim ediblər ki, bu da onların əzmkarlığının və nailiyyətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.
Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalan bədii-musiqili proqram gözləyirdi. Tanınmış aparıcılar Abbasağa Əlizadə və Elcan Rəhimov tədbirə xüsusi ab-hava bəxş edib. Sevilən ifaçılar Orxan Zeynallı, Mərdan Kazımov, eləcə də DJ Kamonun təqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmaz anlar yaşadıb. Gənclər rəqs və coşqu içində təhsil həyatlarının bu əlamətdar mərhələsini qeyd ediblər.
Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma” mərasimi olub. Minlərlə papağın eyni anda havaya atılması universitetin tarixində simvolik bir səhifə kimi yadda qalıb və bu anlar rəsmi foto və video çəkilişlərlə əbədiləşdirilib.
Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu möhtəşəm “Məzun Günü” təkcə bir tədris ilinin sonu deyil, həm də universitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsil mütəxəssislərin və gələcək uğurların təntənəli nümayişi kimi tarixə düşüb.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Kuboku 2025 başa çatıb

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Kuboku 2025 başa çatıb
26 iyun 2025-ci il tarixində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub.
Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) dəstəyi ilə, “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı əsasında həyata keçirilib.
Ölkənin müxtəlif regionlarını təmsil edən 32 komanda arasında baş tutan final mərhələsində intellektual bilik və komanda ruhu üzrə rəqabət yüksək səviyyədə olub. Final mərhələsinin iştirakçıları Bakı şəhəri də daxil olmaqla ümumilikdə 9 regiondan və 28 ali təhsil müəssisəsindən seçilərək irəliləmiş 278 komanda arasından ən güclülər sırasında yer alıblar. Yarış cari mövsümdə 1800-dən çox tələbəni əhatə edib.
Final nəticələrinə əsasən:
1-ci yer – “Vendetta” komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
2-ci yer – “Old School” komandası (Azərbaycan Tibb Universiteti)
3-cü yer – “HipHoprat” komandası (Azərbaycan Tibb Universiteti)
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev iştirak edib. O, çıxışında ölkədə intellektual fəaliyyətlərin gənclər arasında təşviq olunmasının əhəmiyyətindən bəhs edərək, təhsil işçilərinin həmkarlar ittifaqının bu istiqamətdə həyata keçirdiyi layihələrdə iştirakı və dəstəyi ilə bağlı fikirlərini bölüşüb.
Qalib komandalar diplom və xatirə hədiyyələri ilə təltif olunub.
ATİAHİ olaraq, elmə, intellektə və gəncliyə verilən dəyəri dəstəkləməyə davam edirik.
BSU-nun Məzun Günü tədbiri keçirilib

BSU-nun Məzun Günü tədbiri keçirilib
İyunun 25-də Bakı Slavyan Universitetində 2024/2025-ci tədris ilinin məzunlarına həsr olunmuş “Məzun Günü” tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev də iştirak edib. ATİAHİ sədri Araz Paşayev çıxışında BSU-nun dövlətçilik ənənələrinə sadiq ali məktəb kimi yetişdirdiyi savadlı və vətənpərvər gənclərlə təhsil ailəmizin gücləndiyini vurğulayaraq, məzunlara peşəkar və mənəvi baxımdan dayanıqlı gələcək arzulayıb.
Tədbir çərçivəsində yüksək nailiyyətləri ilə fərqlənən məzun və müəllimlər təltif olunub, fakültə bayraqlarının təqdimatı və ənənəvi papaq atma mərasimi keçirilib.
“Effektiv ünsiyyət və aktiv dinləmə” mövzusunda təlim keçirilib

“Effektiv ünsiyyət və aktiv dinləmə” mövzusunda təlim keçirilib
25 iyun 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə komitə sədrləri və mütəxəssislər üçün “Effektiv ünsiyyət və aktiv dinləmə” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi əməkdaşlar arasında ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, emosional zəka və empatiya kimi yumşaq bacarıqların gücləndirilməsi və sağlam ünsiyyət mühitinin formalaşmasına töhfə vermək olub.
Təlim Fəxri İlham Məhəmmədzadə tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara emosional zəka (EQ) və intellektual zəka (IQ) arasındakı fərqlər, empatiya, aktiv dinləmə, problemlərin effektiv həlli mərhələləri, SCAMPER texnikası və kommunikasiya zamanı qarşılıqlı anlayışın artırılması yolları ilə bağlı məlumat verilib.
İştirakçılar təlimi interaktiv şəkildə dinləyərək həm nəzəri bilikləri, həm də real iş təcrübəsinə əsaslanan nümunələri müzakirə edib, seminarın sonunda isə sual-cavab sessiyası və praktik tapşırıqlar vasitəsilə mövzunu daha dərindən mənimsəyiblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və ARPA gələcəkdə də təhsil işçilərinin peşəkar inkişafı istiqamətində birgə təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Bu gün – 26 iyun tarixində Azərbaycan dövlətçiliyinin dayağı olan ordunun gücünü, xalqın milli iradəsini və canını Vətən uğrunda fəda edənlərin əbədi izini xatırlayırıq.

Bu gün – 26 iyun tarixində Azərbaycan dövlətçiliyinin dayağı olan ordunun gücünü, xalqın milli iradəsini və canını Vətən uğrunda fəda edənlərin əbədi izini xatırlayırıq.
Silahlı Qüvvələr Günü münasibətilə hər bir əsgəri, zabiti, şəhid ailəsini və bu missiyanı qürurla daşıyan bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edirik.
Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə möhkəm iradə, xalqımıza daim sülh arzulayırıq.
Media nümayəndələri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Media nümayəndələri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər
İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.
İnfoturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, media qurumlarının rəhbərləri və influenserlər iştirak ediblər.
İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesi ilə tanış olub, gedişatı izləyiblər. Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı infotur iştirakçılarına sertifikatlaşdırma barədə ətraflı məlumat verilib, media təmsilçilərinin sualları cavablandırılıb.
Görüş zamanı Tehranağa Abdullayev bildirib ki, sertifikatlaşdırma prosesinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə izlənməsi təhsil sistemində etimad mühitinin formalaşması baxımından mühüm addımdır.
Səbuhi Rzayev isə çıxışında sertifikatlaşdırmanın əsas məqsədi tədrisə tam yararlı müəllimlərlə təminat, keyfiyyətə zəmanət sisteminin qurulması və şagirdlərin savadlı pedaqoqlardan təhsil almasına şərait yaratdığını qeyd edib.
Nurlan İsmayılbəyli sertifikatlaşdırmanın ikinci mərhələsi – müsahibə barədə danışaraq qeyd edib ki, bu mərhələdə müəllimlərin yalnız ixtisas və metodiki bilikləri deyil, həm də dərsin planlaşdırılması və idarəolunması bacarıqları qiymətləndirilir.
Görüşdə həmçinin vurğulanıb ki, bu proses pedaqoji fakültələr üçün real əmək bazarına uyğun kadr hazırlığına yeni baxış imkanı yaradır və təlim proqramlarının təkmilləşdirilməsinə əsas verir.
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
İyunun 24-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Namiq Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca cari ildə keçirilən Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.
Nazir son illərdə respublika fənn olimpiadalarında iştirak edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını və bu il sözügedən olimpiadalarda iştirakçı sayının 80 mini ötdüyünü diqqətə çatdırıb. Emin Əmrullayev bildirib ki, istedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək təhsilin əsas hədəflərindən biridir.
Emin Əmrullayev çıxışının sonunda qalibləri və onların valideynlərini, müəllimlərini bir daha təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.
Tədbirin rəsmi hissəsindən sonra qaliblərə mükafatlar təqdim edilib. Qeyd edilib ki, sözügedən olimpiadalarda 8 fənn üzrə ümumilikdə 95 nəfər qızıl, 170 nəfər gümüş və 249 nəfər bürünc medal qazanıb.
Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun Günü” tədbiri keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun Günü” tədbiri keçirilib
İyunun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun Günü” tədbiri keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edərək məzunları təbrik edib, onların əldə etdikləri pedaqoji bilik və bacarıqların gələcəkdə ölkənin təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi adından çıxış edən sədr müavini Mirzə Cəfərzadə tədbir iştirakçılarını təbrik edərək, komitə sədri Araz Paşayevin məzunlara və universitet rəhbərliyinə ünvanlanmış səmimi təbriklərini çatdırıb.
Mərasim çərçivəsində ADPU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara universitet rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub. Tədbir tələbələrin ifasında baş tutan bədii hissə ilə davam etdirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq bütün məzunları səmimi-qəlbdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.
Tədbirdə 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Təşəkkür edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik edərək dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və qayğısından danışıb.
Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdıran Konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib.
Sahib Məmmədov məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.
Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev tələbə və məzunların uğurlarından söz açıb, ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətlər, genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Məzunları təbrik edən Yusif Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərilərində davamlı işləməyi və peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.
Akademiyanın məzunları - Vəfa Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər. Onlar burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə etibarlı zəmin yaratdığını və bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə doğru daha inamla irəliləyəcəklərini deyiblər.
Çıxışlardan sonra məzunların təltifetmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən Akademiyanı bitirən 189 məzuna Fəxri fərman və tərifnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.
UNEC-in 95 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib

UNEC-in 95 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib
19 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş “UNEC-in 95 illik inkişaf yolu və gələcək perspektivlər” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdən öncə UNEC kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin məzarı və UNEC Şəhidlər Kompleksi ziyarət olunub.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin UNEC-lə bağlı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov universitetin 95 illik inkişaf yoluna qısa nəzər salaraq, əldə olunan uğurlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. UNEC-in “QS 2026” reytinqində (801–850) yer aldığını vurğulayıb.
Konfransda iştirak edən rəsmi şəxslər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev yer alıblar.
Çıxış edən natiqlər UNEC-in ölkənin iqtisadi və elmi potensialının formalaşmasındakı rolunu yüksək qiymətləndirərək, universitetin milli və beynəlxalq miqyasda qazandığı uğurların əhəmiyyətindən bəhs ediblər. AHİK sədri Sahib Məmmədov çıxışında UNEC məzunu kimi doğma kollektiv qarşısında çıxış etməyin məsuliyyətindən və qürurundan söz açıb, bu təhsil ocağının həyat yolunda buraxdığı dərin izləri vurğulayıb.
Konfrans çərçivəsində UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən “UNEC-in 95 illik inkişaf yolu və gələcək perspektivlər” mövzusunda təqdimatla müşayiət olunan videoçarx nümayiş etdirilib. Təqdimatda universitetin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqları və müasir təhsil strategiyası haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda konfrans iştirakçılarına və çıxış edən qonaqlara xatirə plaketləri təqdim olunub. Konfrans UNEC tələbələrinin hazırladığı bədii kompozisiya və UNEC Himninin səsləndirilməsi ilə başa çatıb.
190 min tələbəni birləşdirən "TələbəPlus" layihəsi uğurla davam edir

190 min tələbəni birləşdirən "TələbəPlus" layihəsi uğurla davam edir
Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən TələbəPlus layihəsi 2025-ci ilin ilk yarısında əhəmiyyətli nailiyyətlər əldə edib. Layihə çərçivəsində 23 ali təhsil müəssisəsinin bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 min tələbə innovativ TələbəPlus kartları ilə təmin olunub.
2025-ci ilin fevral-iyun ayları ərzində ölkənin müxtəlif ali təhsil müəssisələrində “TələbəPlus” layihəsinə həsr olunmuş silsilə infosessiyalar uğurla keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan-Fransız Universiteti və Qarabağ Universitetində təşkil olunan tədbirlərdə minlərlə tələbə layihənin təqdim etdiyi imkanlar və üstünlüklərlə tanış olub.
İnfosessiyalarda tələbələrə TələbəPlus kartının funksionallığı, endirim və güzəşt imkanları barədə ətraflı məlumat verilib. Layihənin tərəfdaşları – “Code Academy”, “Family School”, “Fibonaççi” intellektual oyunları, “Azerconnect Group”, Bakcell, Birbank kimi qurumlar təqdim etdikləri xidmətlər və tələbələrə tətbiq olunan xüsusi üstünlüklər barədə məlumat paylaşaraq, rəqəmsal bacarıqlar, təhsil, iaşə, sağlamlıq və intellektual inkişaf sahələrində yeni imkanlar yaratdıqlarını vurğulayıblar.
2025-ci ilin iyun ayında Qarabağ Universitetində keçirilmiş “Qarabağ Təhsil və Dövlət-Özəl Tərəfdaşlığı Forumu”nda isə layihənin işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun gücləndirilməsi və sosial dəstəyin artırılması istiqamətində önəmli addımlar atılıb. Forumda dövlət və özəl sektorun nümayəndələri, təhsil və iqtisadiyyat nazirləri, Qarabağ bölgəsinin təhsil icması bir araya gələrək gələcək təqaüd proqramları və innovasiya layihələrini müzakirə ediblər.
Təhsilin İnkişafı Fondunun məlumatına görə, 2025-ci ilin sonunadək tərəfdaş şəbəkəsinin daha da genişləndirilməsi və yeni universitetlərin layihəyə qoşulması planlaşdırılır. Layihə tələbələrin akademik uğurlarının dəstəklənməsi və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.