Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq
“İkinci Qarabağ müharibəsi dünya azərbaycanlıları üçün böyük bir sınaq oldu. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Və bu gün qürurla deyə bilərik ki, onlar bu missiyanı yorulmadan, daha sivil və səliqəli şəkildə, heç nədən çəkinməyərək ləyaqətlə yerinə yetirdilər. Həmin vaxt diaspor təşkilatlarımız dünyanın əsas aparıcı ölkələrində 200-ə yaxın aksiya təşkil edərək haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında misilsiz xidmətlər göstərdilər. Bu aksiyalara minlərlə soydaşımız qatılaraq fədakarcasına mübarizə apardı, tarixi Vətənlərini nə qədər sevdiklərini və ona nə dərəcədə bağlı olduqlarını bütün dünyaya nümayş etdirdilər. Bundan başqa, diaspor təşkilatlarımız və soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə yazlı müraciətlər edərək, bəyanatlar səsləndirərək onları Azərbaycanın haqq işinə dəstək olmağa çağırırdılar. Bir sözlə, onlar tarixi qələbəmizin təmin olunması üçün üzərilərinə düşən vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın zəfər çalmasında böyük pay sahibi oldular”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: “Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Şuşa Qurultayı – Zəfər Qurultayı bu qədər möhtəşəm və rəmzidir”.
“Dövlətimizin başçısı cənab İlham Əliyev Qurultayda söylədiyi geniş nitqində, demək olar ki, xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, bizi qələbəyə aparan yola, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, postmüharibə dövrünün reallıqlarından, qarşıda duran müxtəlif və fərqli vəzifələrdən bəhs etdi. Daha vacib məqam isə Prezident İlham Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə veriləcək cavabı idi. Təbii ki, ermənilərin bundan sonrakı təxribatları onları məhvə sürükləyəcək. Bu, sadə bir məntiqdir ki, Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə olmayacaq. Çünki günü-gündən zəifləyən Ermənistan, sözün hər bir mənasında, Azərbaycanın qabağında duruş gətirə bilməz. Onların bir çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları qəbul etmək. Bunun əksi, təbii ki, İkinci Qarabağ müharibəsindən bəllidir. Çünki Azərbaycan, dövlətimizin başçısının dediyi kimi, müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan sonra da artıracaq. Baş verə biləcək bütün təxribatlara layiqli cavab vermək gücündədir”, – Milli Məclisin deputatı deyib.
“Prezident İlham Əliyev diaspor təşkilatlarını postmüharibə dövrünün reallıqları ilə dünya ictimaiyyətini məlumatlandırmağa çağırdı. Təbii ki, bu, çox vacib məqamdır. Dünya bilməlidir ki, Azərbaycanın bölgəyə gətirdiyi reallıqlar nədən ibarətdir. Bəzi erməni dairələri yalan və böhtan dolu informasiyalarla çaşqınlıq yaratmağa çalışırlar. Hamı bilməlidir ki, Azərbaycanın bütün səyləri regionda sülh və sabitliyə, geniş əməkdaşlığa əsaslanır və bu da bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, – AHİK sədri vurğulayıb.
S.Möhbalıyev əlavə edib ki, Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo