Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə əklil və gül dəstələri qoyulub. BDU-da Ulu Öndərin büstü, Şəhidlər abidəsi və şəhid məzunların xatirəsinə həsr olunmuş lövhənin önünə də gül dəstələri düzülüb.
Konfrans Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Tədbirdə BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçdiyi tarixi inkişaf yolu, gördüyü işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib.
Sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Rektor BDU Tələbə Həmkarlar İttifaqının fəaliyyətinə toxunaraq qeyd edib ki, bu təşkilat ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir.
Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BDU THİK-in tələbələrin sosial durumunun yaxşılaşdırılması, milli ruhda inkişafı istiqamətində apardığı işlərin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, 50 illik fəaliyyəti ilə seçilən BDU THİK bundan sonar da böyük uğurlara imza atacaqdır.
Tədbirdə həmçinin Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Alış Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanov, Səbinə Xasayeva, Naqif Həmzəyev və Azərbacan Texniki Universitetinin THİK sədri Mirməhəmməd Ələkbərli çıxış edərək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin işinə uğurlar arzulayıblar.
Konfrans BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin konsert proqramı ilə davam edib. Tədbirin sonunda Azərbaycanın xalq artisti, tanınmış müğənni Miri Yusif də qonaq olub, sevilən ifalarını səsləndirib.