Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələri 6-8 sentyabr tarixlərində Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan yay məktəbində iştirak ediblər. Yay məktəbinin əsas məqsədi tələbələr arasında sosial həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin və ekoloji düşüncənin təşviqi olub. Yay məktəbi çərçivəsində müxtəlif maarifləndirici və ekoloji yönümlü tədbirlər təşkil edilib.
Bu tədbirlərdən ən diqqətəlayiqi “Yaşıl Dünya Həmrəylik İli” çərçivəsində həyata keçirilən ağacəkmə aksiyası olub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin xüsusi göstərişi ilə təşkil olunan bu aksiya, gənclər arasında ekoloji məsuliyyətin artırılması və təbiətin mühafizəsinə diqqət çəkib.
Aksiya zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin idman sektorunun müdiri Hilal Salmanov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cavadzadə və ATİAHİ Respublika Komitəsinin əməkdaşı Tehranağa Abdullayev iştirak edərək, tələbələrlə birlikdə ağaclar əkiblər. Onlar ekoloji layihələrin əhəmiyyətindən danışaraq bu kimi tədbirlərin davamlı olması zərurətini vurğulayıblar.
Tələbələrin fəal iştirakı ilə həyata keçirilən aksiyada müxtəlif ağac növləri əkilib. Bu aksiya həm təbiətin qorunmasına töhfə verməklə yanaşı, tələbələrdə ekoloji şüurun formalaşmasına və onların təbiətə qarşı daha diqqətli olmalarına səbəb olub. Aksiyada tələbələrin yüksək motivasiya və birgə əməkdaşlıq ruhu müşahidə olunub.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi bu kimi tədbirləri davam etdirərək, gələcək nəsillərin təbiətə və ətraf mühitə məsuliyyətli yanaşmasının formalaşmasına xidmət edir.